Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Unikal.org-un məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək Səbail rayon Məhkəməsinin qərarından narazı olduqlarını bildirib: "Məhkəmənin hökmündən qismən narazıyıq. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət əməlini sübuta yetirdi. Lakin Sevinc Abbasovaya verilən cəza yüngül oldu, onun cəzası ağırlaşdırılmalıdır. Onun barəsində həbsli cəza verilməlidir".

S.Əliyeva həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdıqları 100 min manatlıq mülki iddianın təmin edilməsini istəyib.

Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib: "Sizdən xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın".

Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov bildirib ki, zərərçəkmiş şəxsin verdiyi apelyasiya şikayət təmin edilməməlidir. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sevinc Abbasova çıxış edərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə çıxış edən prokuror isə müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib. O zərərçəkmiş şəxsin verdiyi şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı hissəsinə etiraz etməyib.

Məhkəmədə qərar qəbul edilib.

Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.