Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilib.

Unikal.org xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən müşavirədə bildirilib.  

Müşavirədə əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyi sahəsində effektiv nəzarətin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər və Səhiyyə nazirlikləri ilə əlaqəli şəkildə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı ən ciddi mübarizə tədbirlərinin görülməsi nəzərə çatdırılaraq qeyd edilmişdir ki, son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə prokurorluq orqanları digər hüquq mühafizə, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətlərində müəyyən işlər görülüb.

Qeydə alınmış həmin cinayətlərin sayı hesabat dövründə əvvəlki illə müqayisədə azalmış, açılma faizi sabit qalıb.