Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bir sıra vergi güzəştlərinin tətbiqi ilə bağlı nəzərdə tutulan addımları müsbət qiymətləndirdiyini deyib: “Hələlik bu barədə qərar yoxdur, işçi qrupunda araşdırmalar aparılır. Bu güzəştlərin tətbiqi ilə bağlı qərar Milli Məclisdə veriləcək, cənab Prezident də təsdiqləyəcək, o zaman bu barədə daha detallı danışmaq olar. Amma ümumi götürəndə bu məsələlər çoxdandır ki, müzakirə olunur. Bununla əlaqədar cənab Prezidentin göstərişləri də var. Hansı qəbul olunacaq, hansı qəbul olunmayacaq, onu deyə bilmərəm. Milli Məclisdə müzakirələr zamanı daha dəqiqi məlum olacaq. Təbii ki, vergi güzəştlərinin təqbiqinin müsbət nəticələri olacaq. Əgər sadələşdirilmiş vergi bir faizə endirilirsə, bərbər, taksi sürücüsünə vergi güzəştləri edilirsə, bunlar vətəndaşın sosial durumunun yaxşılaşdırılması ilə nəticələnəcək. Yəni, bunların hamısı sosial layihələrin tərkib hissəsidir”.
Millət vəkili onu da xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə son proseslərdən sonra 3.5 milyar vəsait ayrılıb. Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılan zaman bütün detallar nəzərə alınacaq: “Cənab Prezident göstəriş verib ki, sosial layihələrə, ümumiyyətlə, toxunulmasın, əksinə daha da genişləndirilsin. İnfrastruktur layihələrinə ayrılan vəsaitdən müəyyən hissə sosial sahəyə yönəldilə bilər. Hazırda işçi qrupunun üzərində işlədiyi vergi güzəştləri məsələsi də sosial layihələrin bir hissəsi kimi götürülə bilər. Yəni, bütün bunlar həm koronavirus, həm də ümumiyyətlə, insanların həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlərdir. Onu da qeyd edim ki, bu qərarlar vergidaxilolmalarının həcmini azaldacaq, amma dövlət başçısının qeyd etdiyi kimi, hazırda hər şeydən öncə vətandaşlarımızdır. Ola bilsin, Neft Fondundan əlavə transfert olsun, mümkündür ki, büdcənin xərc hissəsinə baxılsın. Əsas məsələ odur ki, hər şey vətəndaşın sosial durumunun yaxşılaşdırılmasına hesablanacaq”.
Murad İbrahimli