Azərbaycan Mərkəzi Bankı (AMB) Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.

Unikal.org xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu qərar Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

Pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.

Eyni zamanda, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 milyard manatlıq biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaq.

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 milyard manatlıq ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaqdır. 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-ə qədər azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilə qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100%-dən 20%-ə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

Pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilmişdir.

Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcəkdir.

AMB tərəfindən koronavirus pandemiyasınınkapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilədək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilədək uzadılacaq. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilədək investorlardan tutulmaması, "Bakı Fond Birjası" QSC-yə isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinədək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilib.

Bütövlükdə nəzərdə tutulan tədbirlər pandemiya şəraitində biznesə və əhaliyə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin təmin olunmasına, iqtisadiyyatın kreditləşməsinin davam etdirilməsinə, maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunmasına şərait yaradacaq.