Lavrovun Bakı səfərindən nə gözləmək olar?
03:21 31-03-2012
CƏMİYYƏT
Lavrovun Bakı səfərindən nə gözləmək olar?
Rusiya XİN başçısının Azərbaycana gəlişi bir sıra məsələlərin müzakirələri ilə yekunlaşacaq
Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri artıq qətiləşib və müzakirə olunacaq məsələlərdə bəllidir. Görüş zamanı ikitərəfli ticari-iqtisadi, regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri, humanitar məsələlər, Qarabağ münaqişəsinin tənzimlənməsi, Xəzərin statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu barədə Rusiya XİN-in 29 mart tarixli məlumatında bildirilir.
Bunu da qeyd edək ki, Lavrov Bakıya gəlməmişdən öncə Yerevanda olacaq.
Rusiyalı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirə edəcəyi ticari-iqtisadi sahədə Rusiya tərəfi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətinə, habelə mühüm birgə layihələrin, o cümlədən energetika sahəsində layihələrin həyata keçirilməsinə ümid edir.
Ötən il ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 2,5 milyard dollardan çox olub və bu göstəricinin artırılması üçün potensial var. İlk növbədə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 23 yanvar Soçi görüşü fonunda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi gündəlikdə qalmaqdadır. "Rusiya münaqişə tərəflərinin indiyədək görülmüş iş nəzərə alınmaqla, təməl prinsiplər üzrə razılaşmalar əldə olunmasını sürətləndirməyə hazır olmasını alqışlayır və həm üçtərəfli formatda, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində buna hər yolla yardım edəcək", deyə məlumatda bildirilir.
Rusiya və Azərbaycanın regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlığı mövzusu da diqqətdən kənarda qalmayacaq. Nazirlər Rusiya-Azərbaycan münasibətlərinin humanitar tərəfinə müfəssəl baxacaqlar. Bununla əlaqədar olaraq, 2011-ci ildə işə salınmış yeni birgə layihəni - Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək lazımdır. "Onun perspektivli regional və beynəlxalq qarşılıqlı fəaliyyət formatı olacağına ümid edirik".
Xəzər dənizinin statusu məsələsi bütün Xəzəryanı dövlətlərin 2010-cu ilin noyabrında beştərəfli Bakı sammitində verdikləri tapşırıqlar nəzərə alınmaqla müzakirə olunacaq. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyanın hazırlanması üzrə işlərin müzakirəsi, habelə sahilyanı ölkələrin iqtisadi əməkdaşlığının inkişafı üçün əlverişli şərait yaradılması nəzərdə tutulur.
Nazirlərin görüşlərində regional və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında üzvlüyü nəzərə alınaraq, çoxplanlı qarşılıqlı fəaliyyətə də toxunulacaq, deyə məlumatda qeyd edilir.
Amma ekspertlər hesab edir ki, görüşdə əsas problemli məsələ Qəbələ RLS ilə bağlı olacaq. Hazırda bu məsələ həll olunmadan qalır və Azərbaycan öz mövqeyindən geri çəkilmir. Rusiya isə hazırkı məqamda Qəbələ RLS-ni əldən buraxmaq niyyətində deyil və görüş zamanı bu məsələ masa üzərində olacaq. Ekspertlər hesab edir ki, Lavrov Azərbaycanla təzyiq dilində danışacaq və RLS-lə bağlı anlaşmanın tezliklə imzalanmasına çalışacaq.
Bundan əlavə İran məsələsi də aktiv müzakirə mövzularından biri olacaq ki, bunu da şərtləndirən səbəblər var. Çünki son dövrlər İsraillə yaxınlaşma, hətta İrana qarşı birləşmə mövzuları gündəmdədir. İranla müttəfiq olan Rusiyanın qonşusu Azərbaycanın Qərb cəbhəsində birləşməsini qəti qəbul etmir. Elə ekspertlər də deyir ki, Lavrovun bu mövzuda müzakirələri ciddi şəkildə aparması mütləqdir.
Ekspertlər qeyd edirlər ki, hazırkı məqamda bölgədə yaşanan proseslər qaynar olduğundan Rusiya Azərbaycanda bir sıra maraqlarını təmin etməyə çalışır. Bu sırada neft-qaz məsələlərinin də kənara qoyulacağı gözləniləndir. Şərqi Avropanı təbii qaz "silah"ı ilə hədələyən Rusiyaya təbii ki, Azərbaycan qazı çox lazımdır. Bunun üçün xeyli müddətdir çalışan Kreml artıq ilk istəyini həyata keçirib. Bundan sonrakı mərhələdə isə daha çox "mavi yanqacaq" almaq üçün çalışdığından Bakıda bu mövzunun diqqət mərkəzində olacağı şübhəsizdir.
Rusiya XİN başçısının Bakı səfərində Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin də olacağı dəqiqdir. Düzdür, bu protokol xatirinə olacaq, ancaq Rusiyanın maraqlarını nəzərə alsaq, o zaman anlaşılan budur ki, Moskva öz emissarı vasitəsi ilə bəzi fikirlərini də Bakıya çatdırmağa çalışacaq. Xüsusən də Laçın və Kəlbəcər məsələsinin danışıqlardan çıxarılması təkliflərinin gündəmdə olduğu bir vaxtda.
Sonda onu da bildirək ki, Lavrovun Azərbaycana səfəri hər nə qədər məsuldar görünsə də, bir o qədər nəticəli perspektivlər vəd edəcəyi inandırıcı deyil. Rusiya istənilən halda Azərbaycandan daha çox güzəştlər qoparmağa çalışacaq ki, bunu da imperiya siyasəti ilə bağlamaq daha doğru olardı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30