Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
Unikal.org xəbər verir ki, videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.
Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İqtisadiyyat naziri ilk növbədə, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib.
Azərbaycanın İqtisadiyyat naziri üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsi, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsi, Türk Ticarət Evinin, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanması, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılması, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib. Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının Dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib. Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan danışarkən Mikayıl Cabbarov cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Mikayıl Cabbarov qeyd edib ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədə uyğundur.
Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.
Görüşdə Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığın xalqlarımızın tarixi qardaşlıq və dostluq əlaqələrinə söykənərək sürətlə inkişaf etdiyini bildirib.
Səfər Mehdiyev ümumbəşəri təhdid olan pandemiya şəraitində bu görüşün keçirilməsini və qlobal çağırışların həlli yollarının müzakirə edilərək qabaqcıl təcrübələrin bölüşülməsini də türkdilli dövlətlərin həmrəyliyinin göstəricisi kimi qiymətləndirib.
Komitə sədri onu da bildirib ki, koronavirus infeksiyasının yayıldığı ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məsələyə həssas münasibəti, həyata keçirdiyi qabaqlayıcı tədbirlər hesabına infeksiyanın ölkədə sürətlə yayılmasının qarşısı alınıb.
Mübarizə tədbirləri çərçivəsində bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılması müvəqqəti məhdudlaşdırılıb, eləcə də Azərbaycana idxal olunan bir sıra tibbi ləvazimatlar və onların ölkə daxilində istehsalı üçün tələb olunan xammal idxal gömrük rüsumundan müvəqqəti azad edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin infeksiyanın yayılmasına qarşı həyata keçirdiyi tədbirlərdən də danışan Səfər Mehdiyev bu ilin yanvarından bütün gömrük-keçid məntəqələrinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyini bildirib.
Qeyd olunub ki, virusla mübarizədə ön sırada yer alan gömrük əməkdaşları bütün zəruri qoruyucu vasitələrlə təmin olunur. Gömrük-keçid məntəqələrində dizbaryerlər qurulub, nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra ölkə ərazisinə buraxılır və tranzit yükləri daşıyan nəqliyyat vasitələri təyinat gömrük orqanına qədər Dövlət Yol Polisi tərəfindən müşayiət olunur.
Eyni zamanda, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin tərkibində müasir "PZR" virus laboratoriyasının qurulduğu və gömrük xidməti əməkdaşlarının müvafiq qaydada müayinələrdən keçməsi üçün lazımi şəraitin yaradıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Komitə sədri Səfər Mehdiyev mövcud şəraitdə beynəlxalq ticarət-təchizat zəncirinin dayanıqlığı və təhlükəsizliyinin təmin edilməsi, pandemiya ilə mübarizədə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın rolundan bəhs edib və bu sahədə görülən işlərdən danışıb.
Vurğulanıb ki, beynəlxalq daşımaların davamlığını və tranzit əməliyyatlarının fasiləsizliyini təmin etmək üçün gömrük orqanları tərəfindən bütün nəqliyyat növləri ilə daşımalar zamanı sənədləşmə işi asanlaşdırılıb.
Komitə sədri konfransınqlobal hadisələrə daim hazırlıqlı olmaq, qabaqcıl təcrübələri paylaşmaq və fikir mübadiləsi aparmaq baxımından faydalı olacağına əminliyini ifadə edib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev tədbirin operativ təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.