Mayın 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasının təşkilatçılığı və Latviya Respublikasının Azərbaycandakı səfiri Daynis Qarançsın iştirakı ilə “COVID-19 pandemiyası şəraitində gömrük və sərhəd idarəetməsi” mövzusunda beynəlxalq onlayn forum keçirilib.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayevin iştirakı ilə keçirilən onlayn tədbirdə Akademiyanın rəhbərliyi, heyəti və tələbələri, Latviyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Riqa Texnologiya Universiteti Beynəlxalq Biznes və Gömrük İnstitutunun direktoru Ayvars Vilnis Krastins, RTU Beynəlxalq Akademik Əməkdaşlıq və Tədqiqatlar üzrə rektor müavini İqors Tipans, Latviya Dövlət Gəlirlər Xidmətinin Milli Gömrük İdarəsinin direktor müavini İnqrida Qalbi, RTU, Latviya Dövlət Gəlirlər Xidməti və Dövlət Sərhəd Mühafizəsinin digər əməkdaşları iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev tədbiri açaraq onlayn tədbirin bütün iştirakçılarını salamlayıb. Pandemiya dövründə Azərbaycanda həyata keçirilən zəruri tədbirlərdən söz açan İqbal Babayev gömrük orqanlarının bu dövrdəki fəaliyyətinə toxunub.
Latviya Dövlət Gəlirlər Xidmətinin Milli Gömrük İdarəsinin direktor müavini İnqrida Qalbi, öz növbəsində, Latviyada gömrük işçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş tədbirlər, eləcə də tibbi vasitələrin ölkəyə daxil olması qaydalarının asanlaşdırılmasından danışıb.
Akademiyanın rəisi Qulu Novruzov tədbirin təşkilinə razılıq verdiyi üçün səfir Daynis Qarançsa təşəkkürünü bildirib. O, deyib ki, Akademiya öz beynəlxalq əməkdaşlıq fəaliyyətində dünyanın müxtəlif ölkələrinin, o cümlədən, Baltikyanı ölkələrin mütərəqqi ali təhsil müəssisələri və gömrük təlim-tədris qurumları ilə əlaqələr qurmaqda və tərəfdaşlıqlarını gücləndirməkdə maraqlıdır. Akademiya rəisi bu tədbirin tələbələr üçün maraqlı olacağına əminliyini ifadə edib.
RTU Beynəlxalq Biznes və Gömrük İnstitutunun direktoru Ayvars Vilnis Krastins RTU-nun Gömrük Akademiyası ilə spesifik sahələrdə əməkdaşlığa hazır olduğunu deyib. Latviyanın gömrük və akademik sahədə öncül universiteti olan RTU ilə Gömrük Akademiyası arasında razılaşdırılmış memorandumun imzalanmağa hazır olduğunu bildirib.
Səfir Daynis Qarançs, öz növbəsində, yaradılan görüş imkanına görə Akademiya rəisinə təşəkkür edib. O, "COVID-19 pandemiyası şəraitində gömrük və sərhəd idarəetməsi: çıxarılmış dərslər, hazırki çağırışlar və gələcək imkanlar" mövzusunda məruzə ilə çıxış edib. Səfir öz məruzəsində əsasən Latviyanın və digər Baltikyanı ölkələrin hazırkı pandemiya kontekstində gömrük və sərhəd idarəetməsində qazanılmış təcrübələri haqqında söz açıb, meydana çıxan problemlər və post-pandemiya dövrü üçün yaranacaq imkanlar barədə fikirlərini bölüşüb. Daynis Qarançs həmçinin Latviya və Baltikyanı ölkələrdə tətbiq edilmiş karantin qaydalarından danışıb, karantinin mərhələli yumşaldılması və beynəlxalq uçuşların bərpası kimi məsələlərə toxunub.
Tədbirin sonunda mövzu ilə bağlı geniş müzakirə aparılıb. Səfir Daynis Qarançs və Latviyanın tədbirdə iştirak edən dövlət qurumlarının, həmçinin RTU təmsilçiləri tələbələri, o cümlədən digər iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda DGK sədrinin müavini İqbal Babayev və Akademiya rəisi Qulu Novruzov səfir Daynis Qarançsa və tədbirin digər iştirakçılarına öz təşəkkürlərini bildiriblər. Gömrük Akademiyası və Latviya ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə əminlik ifadə olunub.