Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Unikal.org xəbər verir ki, Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Təntənəli mərasimdə çıxış edən nazir Vilayət Eyvazov Akademiyanın müəllim və müdavim heyətini əlamətdar gün münasibətilə təbrik edərək məzun gününün yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni həyatın başlanğıcı olduğunu, məzunları qarşıda daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə çatdırıb.
Cənab V.Eyvazov pandemiya dövrünün çətinliklərinə baxmayaraq mart ayının 14-dən etibarən tətbiq olunan sosial izolyasiya tədbirlərinin icrası sahəsində daxili işlər orqanları əməkdaşlarının aidiyyəti vəzifələri uğurla yerinə yetirməsinin, gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq hər bir polis əməkdaşının qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasının, onların həyati problemlərinin həllinə yardımçı olmasnın, müraciətlərə həssaslıqla yanaşmasının, habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin ictimaiyyət tərəfindən həssaslıqla və minnətdarlıq hissi ilə qarşılandığını xüsusi vurğulayıb.
Daxili İşlər naziri cənab Vilayət Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, sıralarımıza qoşulan gənc zabitlər də xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və «polis baş leytenantı» xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Polis leytenantı Nurlan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.