İyulun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Unikal.org-a İcra Hakimiyyətindən verilən xəbərə görə, reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb.
Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.