İyulun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələrindəki nümayəndələri, bələdiyyə sədrləri, ərazi üzrə fəaliyyət göstərən tərkibində əsasən ərazidə hörmətli ağsaqqalları, ziyalıları, fəal gəncləri və din xadimlərini özundə birləşdirən qərargah üzvlərinin iştirakı ilə növbəti onlayn müşavirə keçirib.
Unikal.org-a İH-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyyə və tapşırıqlarına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibdə keçirilmiş video-müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə olunub.
Rayonda koronavirus pandemiyasına qarşı mübarizənin təşkili və mövcud vəziyyət barədə operativ məlumatları dinləyən İcra başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə bağlı qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Yerlərdə əhali tərəfindən sanitariya-epidemioloji qaydalara tam riayət edilməsinin, karatin qaydalarının hər yerdə gözlənilməsinin, bu barədə təbliğat işlərinin daim gücləndirilməsinin vacibliyini qeyd edən İcra başçısı mobil qrupların üzvlərinin, ictimai fəal gənclərin, ağsaqqal ziyalıların təbliğat-izahat işlərinə geniş cəlb olunmalarını təşkil etməyi İcra nümayəndələrindən və əlaqədar məsul şəxslərdən bir vəzifə olaraq tələb etmişdir. Xüsusilə qoruyucu maskalardan, gigiyenik vasitələrdən müntəzəm istifadə olunmasına, ictimai yerlərdə, nəqliyyat vasitələrində təmas məsafəsinin gözlənilməsinə, bankların, vətəndaşların daha çox müraciət etdikləri idarə və təşkilatların qarşısında, iri marketlərdə xüsusi işarələnmiş yerlərdə növbə tutmalarına ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb. İcra başçısı bu tələblərə əməl olunmayan yerlərdə cavabdehlik daşıyan hər bir vəzifəli şəxsin məsuliyyət hissinin artırılmasının çox vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.