2 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, Bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət mobil qruplar yaradılmışdır.
Rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən xəbərə görə, 02 iul tarixindən mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş ictimai-iaşə obyektlərində, marketlərdə, banklar və filiallarında, bankomatların qarşısında, eləcə də bazarlarda və digər obyektlərdə həyata keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilir və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək qoruyucu tibbi maskalardan istifadə olunması, sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi, sosial ara məsafənin saxlanılması, satıcıların və girişdə alıcıların dezinfeksiyaedici məhlullarla təmin edilməsi, obyektlərə daxil olan vətəndaşların qızdırmalarının ölçülməsi, piştaxtaların aralı yerləşdirilməsi və digər karantin rejiminin tələb və qaydalarına əməl edilməsi barədə göstərişlər verilir.
Ötən 2 gün ərzində aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplarının üzvləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən 350-dən artıq ticarət və ictimai-iaşə obyektlərində, eləcə də bazarlarda reydlər keçirmiş, 200-ə yaxın obyektə və vətəndaşa karantin rejimi qaydalarını pozduqlarına və gigiyenik qaydalara riayət etmədikləri üçün xəbərdarlıq edilmiş, aparılan mübarizə tədbirləri ilə tanış olaraq satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilmişdir.
Sərt karantin rejimi dövründə Nərimanov rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlərin keçirilməsi hər gün davam etdiriləcəkdir.