Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.
Unikal.org xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində müxtəlif ticarət və xidmət sahələrində, iri ərzaq satışı mağazalarında, eyni zamanda, toy, nişan, ad günləri, yas mərasimlərinin təşkil edilməsi ehtimal olunan yerlərdə reydlər keçiriblər.
Reydlər zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin monitorinqi aparılıb, pozuntu hallarına yol vermiş obyektlər və ya cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilib.
Bundan əlavə, mobil qruplar tərəfindən gündəlik olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, əhali karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, mütləq şəkildə tibbi maskalardan istifadə etmək tövsiyə edilir.