Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 04 iyul 2020-ci il tarixində Nizami rayonunda növbəti reydlər aparılıb.
Unikal.org xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçiriblər.
Keçirilən baxış zamanı sərtləşdirilmiş karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyi bildirilib, vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.
Eyni zamanda, Rayon İcra Hakimiyyətində yaradılan sahə inzibati ərazi dairələrinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və digər idarə və təşkilatların əməkdaşlarından, fəal gənclər və könüllülərdən ibarət mobil qruplar tərəfindən də fəaliyyətinə icazə verilmiş ictimai iaşə və ticarət obyektlərində, ərzaq mağazalarında aparılan reydlər zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, eyni zamanda işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə göstərişlər verilib.
Bundan əlavə, mobil qruplar tərəfindən sakinlər arasında maarifləndirmə işləri də davam etdirilib, onlarla sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət olunması barədə söhbətlər aparılıb, tibbi maskalardan istifadənin və sosial məsafənin qorunmasının vacibliyi vurğulanıb. Eyni zamanda, reyd zamanı yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar müəyyən edilib və onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.
Reydlər zamanı əhaliyə tibbi maskalar da paylanılıb.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi dövründə mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.