Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.
Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Yanğının söndürülməsinə ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.
Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.
İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.
ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.
Ona görə də Nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.
17:38
xxx
Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində iyulun 6-da baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.
Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.
Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.