Qusarda evlərdən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vuran şəxs saxlanılıb.
Araşdırmalarla onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.
Belə ki, B.Bağırov bir müddət əvvəl Qusar rayonuna usta kimi işləməyə gəlib. Daha sonra isə o, rayon ərazisində beş evə qanunsuz daxil olaraq, həmin evlərdən satmaq niyyəti ilə müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlayıb.
B.Bağırov tərəfindən oğurlanan əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.