Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir. Belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin.