COVID-19-un yayılmağa başladığı Çində gün ərzində qeydə alınan infeksiyaların sayı artıq cəmi onlarladır. RBK-nın məlumatına görə, rusiyalı mütəxəssislər ÇXR-də pandemiyanın ikinci dalğasının olmaması barədə öz fikirlərini bölüşüblər.
Unikal.org xəbər verir ki, Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin viroloqu Anatoli Altşteynin sözlərinə əsasən, bu göstərici statistikanın manipulyasiyası ilə əlaqəli deyil:
“Minlərlə olsaydı, bunu bilərdik”, - deyə o bildirib.
Mütəxəssisin fikrincə, koronavirusa yoluxanların sayında artımın az olması yüksək intizam və karantinin effektivliyi ilə əlaqəlidir.
Altşteyn Çin hökumətinin pandemiyanın qarşısını tez bir zamanda almağı bacardığını vurğulayıb.
RF Ali İqtisadiyyat Məktəbinin Sağlamlıq İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç də bu müsbət göstəricinin əsas səbəblərindən biri kimi yüksək intizamı göstərib.
Onun sözlərinə görə, Çinin demək olar ki, tamamilə sərhədlərini bağlaması da ölkədə ikinci dalğanın olmamasına öz təsirini göstərib.
Popoviç həmçinin, immunitet sistemini gücləndirən ənənəvi tibbin Çində populyar olduğunu xatırladıb.