Rusiyalı jurnalist, radio və teleaparıcı Vladimir Solovyov özünün “Solovyov Live” (Соловьёв Live) “YouTube”-kanalında növbəti efir zamanı gülünc vəziyyətə düşüb.

Unikal.org xəbər verir ki, aparıcı “Dağlıq Qarabağda döyüşlərin” əks olunduğu videokadrlar təqdim edib. 

“Sanki “Ulduz savaşları” filmidir. Baxanda insan qorxur. Rusiya sərhədləri yaxınlığında döyüş gedir”, - deyə jurnalist qeyd edib.

Lakin videoblogerlər Solovyovun təqdim etdiyi “müharibə çarxının” orijinal versiyasını internet şəbəkəsində tapıblar və onun növbəti yalanını ifşa ediblər. Məlum olub ki, aparıcı Asiya ölkələrinin birində qeydiyyatdan keçmiş, 50 min abunəçisi olan “Youtube” kanalda yerləşdirilmiş videooyununu “oğurlayıb” və real hadisələr kimi təqdim edib.

Qeyd edək ki, bu, Solovyovun ilk yalanı deyil. Belə ki, o, bir neçə gün öncə Dağlıq Qarabağda gedən döyüşlər haqqında süjet hazırlayaraq, Erməni “qəhrəmanlığ”ını, Erməni xalqının “şücaətini” təbliğ etməyə cəhd edib. Solovyov camaatın “vətən” uğrunda döyüşə gedən erməni hərbçilərini hərbi komissarlığın qarşısında alqış sədaları altında, ruh yüksəkliyi ilə yola saldığını əks etdirən süjet təqdim edib. Lakin kadrlarda Azərbaycan bayrağı görünüb. Bununla da Solovyov kadrların Azərbaycanda çəkildiyini anlayıb və süjeti hazırlayan redaktorlarına qışqırmağa başlayıb.