UNEC-in prorektoru, professor Mirdaməd Sadıqov Almanıyanın aparıcı xəbər saytı olan nex24.news-da bəyanatla çıxış edib.
Unikal.org xəbər verir ki, azərbaycanlı alim beynəlxalq ictimaiyyətə səslənərək Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını bildirib.
“30 ildir ki, Azərbaycanın ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın hərbi işğalına məruz qalır.
Bu hərbi işğal nəticəsində Azərbaycanın yüzlərlə mülki vətəndaşı qətlə yetirilib, bir milyondan çox qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin salınıb. İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 30 ilə yaxındır ki, konstruktivlik və səbir nümayiş etdirib, ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.
Lakin Ermənistan rəhbərliyinin təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını irəli sürməsi, münaqişənin həlli danışıqlarında 7 şərt irəli sürməsi, danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə ciddi zərbə vurdu.
Ermənistan həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışıb, bu müddət ərzində dəfələrlə ölkəmizin ərazi bütövlüyünün yenidən pozulmasına qarşı cəhdlər göstərib.
Sentyabrın 27-dən isə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təcavüz həyata keçirərək, Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini və hərbi mövqelərini iri çaplı artilleriya qurğuları və raketlərdən istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutdu.
Azərbaycan silahlı qüvvələri Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq, əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu. On gündən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin mülki obyektlər və mülki insanları hədəf alması nəticəsində ikisi uşaq olmaqla 27 mülki şəxs həlak olub, 141 mülki şəxs yaralanıb. Cəbhəyanı bölgələrdə, eləcə də münaqişə ərazisindən yüz kilometrlərlə uzaqda yerləşən və əhalinin sıx yaşadığı ərazilərin hədəf seçilməsi onu göstərir ki, düşmən yenə də beynəlxalq hüquqa zidd addımlar atmaqla öz mənfur planlarını həyata keçirmək niyyətindədir. Müharibə şəraitində mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Ermənistan bununla, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozur.
Lakin Azərbaycan Respublikası özünün yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir və ərazilərinin işğaldan azad olunmasını təmin edir.
Düşünürəm ki, Avropa İttifaqı digər münaqişə bölgələrində göstərdiyi suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə də göstərməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən imtina etməsi və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana açıq və aydın bir ismarıc verməlidir. Eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və bölgədə sülh təmin olunmalıdır.
Beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin həlli yalnız Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür.
Azərbaycan xalqı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, verilən qərarları hərtərəfli dəstəkləyir. Bir milyondan çox azərbaycanlı məcburi köçkün 30 illik əziyyətdən sonra tezliklə doğma yurd-yuvalarına qayıdacağını gözləyir”, - M.Sadıqov bildirib.