Oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində atası, anası və yaş yarımlıq bacısını itirən 3 yaşlı Xədicə Şahnəzərova ilə bağlı dünəndən sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Xədicənin dayanmadan ağlaması və böyüklərin bir-biri ilə uşağa görə mübahisə etdiyi yer alıb. Məlum olub ki, hadisədən bir neçə həftə keçməsinə baxmayaraq, hələ də, körpənin kimin himayəsində qalması ilə bağlı məsələ həll olunmayıb. Elə videoda da onun kimlə getməsi ilə bağlı ana və ata tərəfdən olan yaxınları razılığa gələ bilmir. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə və hiddətə səbəb olub, yaxınlarının bu hərəkəti azyaşlıya təzyiq kimi qiymətləndirilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən uşağın əmisi Şahnəzərov Xəyal Yusif oğlu baş verən hadisədə qarşı tərəfi günahkar hesab edib:
"Uşağın babası gəlib dedi ki, aparım Xədicəni bizdə 2 gün qalsın gətirəcəm. Gözlədik bir neçə gün keçdi uşağı gətirib qaytarmadılar. Amma bunların fikri o imiş ki, uşağın orda qaldığını deyərək evlərinin birini təmir etdirsinlər. Ona görə gəlib aparıblar. Biz də deyirdik ki, aparsınlar arada onlarda da qalsın. Uşağı qəyyumluğa kimə versələr həmin ailə ilə yaşayacaq. Amma bunlar uşağı öyrədiblər ki, əmi gələndə ağla. Onlar hardan bilirdi ki, əmi gələndə uşağı ağlayacaq? Telefonu videosunu niyə öncədən açıq vəziyyətdə saxlayırdılar? Uşaq məni görəndə ağladı. Mən də təəccübləndim ki, mənsiz qala bilməyən körpə niyə belə edir. Xədicəni aparıb anama verdim ki, sakitləşsin. Ana babası uşağı maşından çıxardı. Hamısı telefona çəkdi. Bizə də təəccüblü qaldı ki, bunlar yaramız qaysıqlamamış niyə belə edir? Uşaqla bağlı prokurorluğa və məhkəməyə müraciət etdik. Uşağın kimə qəyyumluğa verilməsi ilə bağlı hələlik konkret qərar verilməyib. Biz ziyalı ailəyik. Hamımızın ali təhsili var. İstəyirik Xədicəyə yaxşı gələcək bəxş edək. İnanıram ki, dövlət qurumları bunları nəzərə alacaq".
Famil Fərhadoğlu