Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşü edərək işğal altında olan torpaqlarımızı düşməndən azad etdiyi bir vaxtda “Azərsun Holdinq” sakinlərin ruh yüksəkliyinin daha da artırılması üçün sosial layihə həyata keçirib. “Bayrağımız qürurumuzdur” şüarı ilə yola çıxan Şirkətlər Qrupu 9 noyabr Dövlət Bayraq Günü öncəsi Bakı və Gəncə sakinlərinə minlərlə Azərbaycan bayrağı paylayıb.
Unikal.org xəbər verir ki, bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda yenidən dalğalanmasını ilk gündən qürurla izləyən və hər zaman dövlətin, əsgərlərin yanında olan sakinlər keçirilən aksiyadan məmununluqlarını ifadə ediblər. 3 rəngli şanlı bayrağımızın kölgəsində əsgərlərimizin qəhrəmancasına vuruşaraq yenidən rəşatədli qələbələr qazanması xalqımızda qələbə ruhunu yenidən zirvəyə qaldırıb, şanlı ordumuz bizə 9 noyabr Dövlət Bayraq Gününü daha da fəxrlə və qürurla qeyd etməyimizə imkan yaradıb.
Qeyd edək ki, “Azərsun Holdinq”in 650-ə yaxın əməkdaşı düşmənləri işğal edilmiş torpaqlarımızdan qovaraq azad olunmuş yerlərə üçrəngli bayrağımızı sancan müzəffər ordumuzun sıralarındadır. Hər bir əsgər kimi onlar da vətən uğrunda canından keçməyə hər an hazırdır. Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verən, prezident, ordu, xalq həmrəyliyinə sona qədər dəstək olan Şirkətlər Qrupu müharibədən əziyyət çəkmiş yüzlərlə ailəyə ərzaq yardımı da göstərib.