Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.

Unikal.org məktublardan bir neçəsini təqdim edir:

 

Erdal Aksoydan, İstanbul, Türkiyə

“Hörmətli cənab Prezident,

Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik!

Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq Qələbəyə ümidləndirir

Cənab Prezident, hər gün televiziyadakı çıxışlarınızı, yeni Qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcədə dünyanın bir çox məşhur KİV-inə verdiyiniz müsahibələrinizi diqqətlə dinlədik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik.

Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük Qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq.

Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq!

Qarabağ Azərbaycandır!

Zəfər Azərbaycanındır!”

 

Etibar Həşimovdan, Köln, Almaniya

“Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Qarabağın azadlığı uğrunda yürütdüyünüz siyasətə, qələbəmizə və şanlı tarix yazdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

Siz “XXI əsr türk dünyası əsri olacaq” ifadənizi sübut edərək bu qələbələrlə dünyaya Türkün gücünü göstərdiniz.

Bir Azərbaycan vətəndaşı olaraq Sizi dəstəkləyir, Sizinlə fəxr edirəm. Allah yar və yardımçınız olsun, inşallah!

Qarabağ Azərbaycandır!”

 

Mahmud Əsədovdan, Qubadlı, Azərbaycan

“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

27 ildən sonra bizə yaşatdığınız sevinc hissinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizi sevir və yürütdüyünüz siyasətin daim arxasındadır. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz əminik ki, Qarabağın azad ediləcəyi gün elə də uzaq deyil. Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!”

 

Aqşin Rəhimovdan, Sabirabad, Azərbaycan

“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizin müdrik rəhbərliyiniz və şanlı Ordumuzun rəşadəti ilə torpaqlarımız mənfur erməni qəsbkarlarından azad olunur. Biz əmin idik ki, Siz bu haqq davasını başa çatdıracaq və müzəffər bir sərkərdə kimi tariximizə şanlı səhifələr yazacaqsınız. Biz inanırıq ki, çox yaxın zamanda Azərbaycanın üçrəngli şanlı Bayrağı Qarabağın ən uca zirvəsində dalğalanacaqdır. Qarabağ Azərbaycandır!”

 

Xatay Vəliyevdən, Samux, Azərbaycan

“Müzəffər Ali Baş Komandan.

İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığınız mübarizənizi dəstəkləyir və qazanılan qələbələr münasibətilə Sizi, Azərbaycanın mübariz Ordusunu və xalqımızı təbrik edirəm. Bu haqq savaşımızda bizə mənəvi dəstək olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və türk qardaşlarımıza da şəxsən öz minnətdarlığımı bildirirəm. Yaşasın bir millət, iki dövlət - Azərbaycan və Türkiyə! Bizə mübarizəmizdə mənəvi dəstək olan Pakistan xalqına və onun Prezidentinə də öz minnətdarlığımı bildirirəm.

Biz də Samux rayonunun gəncləri olaraq, Vətənimiz, Ordumuz üçün əlimizdən gələni etməyə hazırıq və döyüşən əsgərlərimizə hayanıq. Rayonumuzun yetirməsi olan hərbiçilərimiz ön cəbhədə düşmənə qarşı vuruşur.

Cənab Ali Baş Komandan, Allah Sizi, Azərbaycan xalqını, qəhrəman hərbçilərimizi və bütün Türk dünyasını qorusun”.

 

Təşəkkül Məmmədovdan, Ağdam, Azərbaycan

“Müzəffər Ali Baş Komandan.

Ərazi bütövlüyümüzün bərpası yolunda atdığınız qətiyyətli addımlardan hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirəm. Biz Sizinlə fəxr edirik. Sizin müdrik siyasətiniz və şanlı Ordumuzun igid oğulları sayəsində qazandığımız qələbələr bizi çox sevindirir. Eyni zamanda sevinirik ki, Vətənin cəsur övladları torpaqlarımızla bərabər, erməni vandallarının qurbanı olmuş neçə-neçə körpə balaların, qız-gəlinlərin, şəhidlərimizin qisasını alırlar. Uca Tanrı bu yolda Sizlərə yardımçı olsun.

Yaşasın Ali Baş Komandanımız!

Yaşasın müzəffər Ordumuz!”

 

Bəhruz Hüseynovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident, humanist rəhbər, müzəffər Ali Baş Komandan!

Azərbaycan dövlətinin və xalqının 2003-cü ildə növbəti dəfə bəxti gətirdi ki, Ulu Öndər Heydər Əliyevdən sonra bizə uzaqgörən siyasəti, müdrik qərarları, xalqına yaxın olmağı ilə dünya liderlərindən fərqlənən bir Lider rəhbərlik etdi. Hər addımında qələbə duyulan, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən rəhbərin xalqını növbəti qələbələrə doğru aparacağına ürəkdən inanırıq və Sizi hər zaman dəstəkləyirik.

Azərbaycan heç zaman bu qədər güclü olmamışdır və qüdrətli ölkəmizin son illər əldə etdiyi bu nailiyyətlər, qazandığı uğurlar Sizin və Ulu Öndərin adı ilə bağlıdır. Bizə məhz Sizin kimi Vətəninə ürəkdən bağlı olan, praqmatik, enerjili, qətiyyətli, müdrik və humanist bir Lider lazımdır.

Doğma Vətənimizi işıqlı gələcəyə doğru inamla aparın, cənab Ali Baş Komandan! Allah bu yolda Sizə kömək olsun.

Allah Sizi, xalqımızı və millətimizi qorusun!”

 

Elxan Hacıyevdən, Bərdə, Azərbaycan

“Hörmətli cənab Prezident,

Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız bu müqəddəs müharibədə Sizə və müzəffər Ordumuza yeni qələbələr arzu edirik. Əminəm ki, işğal edilmiş bütün torpaqlarımızı azad edəcəyik və üçrəngli Bayrağımızı Şuşa şəhərində dalğalandıracağıq.

Allah Sizə və Şanlı Ordumuza qüvvət versin!

Qarabağ Azərbaycandır!”

 

Zahir Kazımovdan, Ağdam, Azərbaycan

“Hörmətli cənab Prezident,

Sizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni ailəliklə dəstəkləyir və alqışlayırıq. Azərbaycan xalqına yaşatdığınız fərəh və qürur hisslərinə görə Sizə minnətdarıq.

Allah Sizi və qüdrətli Azərbaycan Ordusunu qorusun!

Zəfərlərlə dolu tarixi günlərin şahidi olduğumuz üçün çox xoşbəxtik. İnanırıq ki, 30 ilə yaxın çəkdiyimiz ağrı-acılı torpaq həsrətinə tezliklə böyük Qələbənizlə son qoyacaqsınız.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Zamiq Cahangirlidən, Beyləqan, Azərbaycan

“Salam, cənab Prezident.

Son beş yüz ilin Azərbaycan tarixinə bir dövlət başçısı, bir sərkərdə kimi misli görünməmiş bir imza atırsınız. Sizin bütün fəaliyyətiniz siyasi, hərbi, tarixi və başqa dissertasiyaların yazılmasına rəvac verir, yeni elmi araşdırmaların predmetinə çevrilir. Hazırda yazılan yeni tariximizə görə Siz bir dəfə deyil, bir neçə dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməlisiniz. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə etdikləriniz üçün Sizə çox minnətdaram. Allah yar və yardımçınız olsun.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Nəhmət Bayramovdan, Sumqayıt, Azərbaycan

“Müzəffər Ali Baş Komandan,

Otuz ildə birinci dəfədir ki, öz ad günümü alnıaçıq, üzüağ qarşıladım. Bu, Sizin iradənizin real nəticəsidir.

Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda bir az yaşım çox olsa da, mən də cavanlarımız kimi döyüşə hazıram.

Bizim gücümüz bizim birliyimizdədir. Bu birliyi yaradan Sizsiniz. Allah Sizi qorusun!”

 

Mayıl Məmmədovdan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Uzaqgörən siyasətiniz, gərgin əməyiniz nəticəsində Azərbaycan xalqının qəhrəmanlığını, igidliyini, cəsarətini sübut etdiniz. Vətənpərvərlik ruhunda atdığınız bütün addımlarla, verdiyiniz qürurverici qərarlarla uzun müddətdən bəri gözlədiyimiz günləri bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizin komandanlığınız altında son günlərdə cəbhədə tarix yazan, Azərbaycan bayrağını Qarabağımıza qaytaran şanlı, müzəffər Azərbaycan Ordusuna eşq olsun! Siz, Azərbaycan dövlətinin bütövlüyünü və əbədiliyini təmin edir və gələcək nəsillər üçün daha da qüdrətli və təhlükəsiz bir Azərbaycan inşa edirsiniz.

Mən I qrup Qarabağ müharibəsi əliliyəm. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə əsir götürülmüşdüm. Ağır dözülməz işgəncələrə məruz qalmışam. Vəhşi ermənilər qollarımı, ayaqlarımı sındırıblar, sinəmə hələ də izi qalan qaynar xaç damğası vurublar. Bunların nəticəsində sağalmaz xəstəliklərə düçar olmuşam.

Ailəliyəm, iki övladım var. Dövlətimdən, Sizdən çox razıyam, bütün qərarlarınızı dəstəkləyirəm. Respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olmasında Sizin böyük rolunuz var. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.

Siz bu Vətənin mərd, igid, qəhrəman oğlusunuz. Bütün Qarabağ qazilərinin isə böyük hörməti və ehtiramı var.

Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüz uğrunda apardığınız haqq mübarizənizə mən də qoşulub döyüşlərdə iştirak etmək istəyirəm. Mənim buna tam haqqım var. Çünki işğalçı erməni alçaqların mənə verdiyi ağır işgəncələr mənim heç vaxt yadımdan çaxmayacaq, bu işgəncələr mənim həyatımda iz qoyub. Qisas almaq günüdür”.

 

Sumayə Muxtarovadan, Şəki, Azərbaycan

“Müzəffər Ali Baş Komandan.

Mən Sizinlə qürur duyuram. Sizin xarici ölkələrin jurnalistlərinə verdiyiniz müsahibələr zamanı göstərdiyiniz qətiyyətli mövqeyiniz, tarixə söykənən savadlı və məntiqi cavablarınız göstərir ki, biz haqlı olaraq Sizinlə fəxr edirik. Bütün çıxışlarınızı və müsahibələrinizi izləyirəm. Elə səbir, elə təmkinlə verilən sualları cavablandırırsınız ki, Sizə heyran qalmamaq mümkün deyil.

Siz xalqımıza kəndlərin və şəhərlərin azad olunması xəbərini çatdırır, bununla da hər bir azərbaycanlı ailəsinə sevinc və fərəh anları yaşadırsınız. Deməli, Siz və igid əsgərlərimiz sevinc və qürur paylayıcılarısınız. Mən Ali Baş Komandanımız başda olmaqla, qüdrətli Azərbaycan Ordusuna, xalqımıza və Azərbaycanı sevən bütün yaxşı insanlara cansağlığı və böyük uğurlar arzulayıram. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Buna ürəkdən inanırıq. Bu inamı bizə Siz və cəsur zabit və əsgərlərimiz verir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə və ailələrinə səbr, təmkin versin. Amin! Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm.

Güc birlikdədir. Qarabağ Azərbaycandır!”