Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
Unikal.org xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Murad Məmmədov ilk görüşdə litvalı rəqibini sıradan çıxarıb. 1/4 finalda prinsipial qarşılaşmaya çıxan Murad erməni güləşçi üzərində inamlı qələbə qazanaraq adını yarımfinala yazdırıb. Məmmədov alman rəqibiylə mübarizədə lisenziya qazanmağa çox yaxın olsa da, son saniyələrdə təşəbbüsü əldən verərək məğlub olub.
İslambek Dadov təsnifat mərhələsində rumıniyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü daha sonra Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb. Ancaq 1/4 finalda Ermənistan idmançısına yenilib.
Sənan Süleymanov yarışa moldovalı güləşçi üzərində inamlı qələbəylə start verib. Ancaq Xorvatiya təmsilçisiylə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətdən qaça bilməyib.
Murad Lokyayev ilk mərhələdə yunan həmkarına gücünü göstərib. 1/4 finalda isə Çexiya idmançısına uduzub.
İslam Abbasov debütdə bolqar idmançıdan güclü olub. Daha sonra İsveç təmsilçisinə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. İsveçrəli rəqibini də çətinlik çəkmədən üstələyən İslam finala yüksəlməklə yanaşı, güləşin bu növündə Tokio Olimpiadasına ilk lisenziyamızı qazanıb.
Beka Kandelaki zədə üzündən xalça üzərinə çıxmayıb.
Qeyd edək ki, təsəlliverici və final qarşılaşmaları martın 21-də keçiriləcək.