Yaponiya hökuməti tərəfindən Azərbaycandan iki nəfərin “2021-ci il Xarici vətəndaşlar üçün Orden-Yaz kateqoriyası” üzrə ordenlə təltif olunması qərara alınıb.
Unikal.org Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Kanokan-TT Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və Paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəbli Gümüş Şüalı Gündoğar Ordeni (“The Order of the Rising Sun, Silver Rays”) ordeni ilə təltif olunublar.
Qeyd edək ki, T.Həsənov Azərbaycan Respublikasının ilkin cüdoçularından biri olaraq, 1972-ci ildən bəri Azərbaycanda cüdo üzrə məşqçi kimi çalışıb, 100 nəfərdən çox olimpiya idmançısı daxil çoxsaylı istedadlı cüdoçular, 3 beynəlxalq dərəcəli cüdo hakimi, çoxsaylı cüdo məşqçiləri yetişdirib. Azərbaycanda cüdo məşqçisi olaraq ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri kimi, cüdonun inkişafına əvəzsiz töhfə verib.
Paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəbli Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərərək, cüdo məşqçisi kimi 500 nəfərdən çox cüdoçu yetişdirib. Paralimpiya cüdosu üzrə ikiqat qızıl medal sahibi İlham Zəkiyevin 2004-cü il Afinada baş tutmuş XII Yay Paralimpiya Oyunları və 2008-ci il Pekində keçirilmiş Yay Paralimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol oynayıb və bununla Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük müsbət təsir göstərərək, ölkədə cüdo və paracüdonun inkişafına əvəzsiz töhfə verib.
Xarici vətəndaşlar üçün Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.
Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif olunması və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.