AVRO-2020-nin kubokunun qitə turu davam edir.
Unikal.org-un məlumatına görə, çempionatın oyunlarına ev sahibliyi edəcək 11 şəhərə səyahət edəcək mükafat Roma və Buxarestin ardından Budapeştdə də nümayiş olunub.
Avropa futbolunun ən dəyərli kubokunun növbəti dayanacağı isə Bakıdır. Mükafat Azərbaycan paytaxtına bu həftə gətiriləcək.
Kubokun Bakı səfəri mayın 7-8-nə planlaşdırılıb. Lakin əvvəlki üç şəhərdə olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar geniş tədbirlər nəzərdə tutulmayıb.
Kubok turu Bakıdan sonra Kopenhagenə, ardınca isə Amsterdam, Sankt-Peterburq, Münhen, Qlazqo, Londona aparılacaq. Hələlik Sevilya səfərinin vaxtı dəqiqləşməyib. Bu da şəhərin sonradan Bilbaonu əvəzləməsi səbəbindəndir.
Qeyd edək ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avropa çempionatı 11 şəhərdə təşkil olunacaq.