Mayın 17-də Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.
Unikal.org xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxıblar.
Millimizin üzvü Əliabbas Rzazadə (57 kq) ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. Dörddəbir finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Ə Rzazadə 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya güləşçisini böyük üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. Güləşçimiz qızıl medal uğrunda görüşdə rusiyalı Axmed İdrisov ilə qarşılaşacaq.
Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı idmançıya uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Sergiu Lupasko (Moldova) olacaq.
Çempionatda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev yarışa Gürcüstan pəhləvanı üzərindəki qələbə ilə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan C.Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisi ilə görüş olduqca gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn C.Hacıyev finala adlayıb. Həlledici görüşdə təmsilçimiz Nikolay Qrahmez (Moldova) ilə üz-üzə gələcək.
Güləşçimiz İslam İlyasov (97 kq) debütdə Rusiya təmsilçisinə məğlub olub.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları mayın 18-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, medallar uğrunda mübarizə isə saat 20:00-da start götürəcək.