Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsində qeydə alınıb.
Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nin doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nin doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər.
Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Zaqatala RMX-dən bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən, ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.
Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.