Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən beynəlxalq ictimaiyyət maraqla Çin administrasiyasının münasibətini və yanaşmasını gözləyir.

"Unikal" "The New York Times"a istinadən xəbər verir ki, müharibənin davam etdiyi bir vaxtda Çində Rusiyaya olduqca güclü simpatiya var.

Bildirilir ki, Çin hakimiyyəti bağlı qapılar arxasında Kommunist Partiyasının hazırladığı və Rusiya prezidenti Putini müharibə qəhrəmanı kimi göstərən sənədli filmə baxıb. Sənədli filmdə Putin Stalinin mövqeyini bərpa etdiyi üçün təriflənir. 

Həmçinin Çin müharibə başlayandan bəri neytral mövqe tutmağa çalışsa da, ölkə daxilində Rusiyaya dəstək kampaniyaları aparır. Çində “müharibənin düzgün başa düşülməsi” üçün universitetlərdə treninqlərin keçirildiyi və Çin Kommunist Partiyasının ölkə daxilində tarixi sənədli filmlərə baxmağı da səlahiyyətlilərə məcbur etdiyi vurğulanıb.

101 dəqiqəlik sənədli filmdə Ukrayna müharibəsi yer almadığı halda, Rusiyanın Sovet İttifaqının dağılmasından sonrakı “haqlı səbəbləri” araşdırılır. Sənədli filmdə Putinin Sovet İttifaqını dağıdan siyasi zəhəri təmizlədiyi bildirilir. 

Hakimiyyət üçün hazırlanan sənədli filmin ictimaiyyətlə paylaşıldığını qeyd edən “The New York Times” Çinin illərdir Sovet İttifaqının dağılmasını araşdırdığını yazıb. Bildirilib ki, Si Cinpin Putini Qərbin təsirinə qarşı müttəfiq kimi qələmə verib.

Həqiqətən də, müharibə başlayandan bəri Çin Putini qınamaqdan imtina edir. Bütün dünya ölkələri müdaxilə etmək istəyərkən, Pekin administrasiyası sülh çağırışı edib və ötən həftə Çinin xarici işlər naziri Vanq Yi Çinin Rusiya ilə yaxşı münasibətlərini vurğulayıb. 

“The New York Times"ın məlumatına görə Si Cinpin bu ilin sonunda keçiriləcək seçkilərdə üçüncü qələbəsini əldə etməyi və səlahiyyət müddətini uzatmağı hədəfləyir. Qəzet həmçinin bildirib ki, iqtisadi tənəzzülə qarşı mübarizə aparan Si Cinpin Rusiyanı xarici siyasətdə müttəfiq kimi görür və bu istiqamətdə təbliğat aparmağa davam edir.

 Gülayə Mecid