Gürcüstanın NATO yolu açıqdırmı?
02:36 05-04-2012
CƏMİYYƏT
Gürcüstanın NATO yolu açıqdırmı?
2013-cü ilə qədər Gürcüstan Əfqanıstandakı hərbi kontingentinin sayını 1685 nəfərə qədər artırmaq niyyətindədir, bu rəqəm isə istər Vaşinqtonda, isrərsə də Brüsseldə NATO-nun mənzil-qərargahında hərbi komandanlığın diqqətini cəlb edib. Hazırda Gürcüstanın Əfqanıstandakı 940 nəfərlik hərbi kontingenti əsasən Əfqanıstanın cənubunda Helmand vilayətində minatəmizləmə, yolların qorunması və qanunsuz silahlı birləşmələrə qarşı hərbi əməliyyatlarda iştirak edir. Əlavə kontingentin göndərilməsi isə 2012-ci ilin yaz aylarına planlaşdırılır.
Gürcüstan bununla kontingentinin NATO tərəfindən keçirilən istənilən missiya və hərbi əməliyyatlarda "şərtsiz" iştirak etmək arzusunda olduğunu bir daha nümayiş etdirməyə çalışır. Bu isə NATO-nun əsas tələblərindən biri sayılır. Belə ki, ölkə hüdudlarından kənarda ekspedisiya döyüşlərini aparmaq və döyüş qüdrətini artırmaq üçün yeni piyada batalyonları yaratmaq imkanı əldə edir.
Bu məqsədlə Gürcüstanda ABŞ ilə birgə mart ayında "Agile Spirit 2012" şərti adı altında hərbi təlimlər keçirilib. Doqquz gün davam edən təlimlərdə ABŞ-ın 350 nəfər dəniz piyadası və 400 nəfər gürcü hərbçi iştirak edib. ABŞ hərbi kontingentini Rumıniyada yerləşən Qara dəniz hərbi birləşməsi təmsil edirdi.
Təlimlərin əsas məqsədi "Marine Corps Martial Arts Program" çərcivəsində Gürcüstan Silahlı Qüvvələrinin Əfqanıstana göndəriləcək kontingentinin döyüş hazırlığını təkmilləşdirmək və Gürcüstanla hərbi əməkdaşlığın gücləndirilməsi idi.
Regiona səfəri zamanı NATO-nun baş katibi Anders Foq Rasmussen də Əfqanıstandan qayıtmış Gürcüstanın 33-cü piyada batalyonu ilə görüşündə Gürcüstanla NATO arasında münasibətlərin dinamik inkişafını qeyd etmişdi. Onun sözlərinə görə, "Əfqanıstana kömək etməklə, Gürcüstan eyni zamanda NATO üzvlüyünə daha da yaxınlaşır, bunun üçün isə başlanmış islahatların sona çatdırılması vacibdir".
Gürcüstanın NATO üzvlüyünə cəhdi, az sayda müxalif fikirlər olsa da, vətəndaşlar tərəfindən əsasən müsbət qiymətləndirilir. Keçirilən əməliyyatlarda Əfqanıstanda 15 gürcü hərbçinin həlak olmasına baxmayaraq, Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə görə, respondentlərin yalnız 4 faizi Əfqanıstana qoşun göndərilməsinin əleyhinə olub.
Ümumiyyətlə, 2012-ci ilin üç ayında Əfqanıstanda NATO qüvvələri 92 nəfər hərbçisini itirib. Bu isə hər ay 34 nəfər koalisiya hərbçisinin həlak olması deməkdir. ABŞ vətəndaşları arasında aparılan sorğulara görə, əhalinin 47 faizi qoşunların çıxarılmasının sürətləndirilməsini, 3 faiz dərhal çıxarılmasını, 33 faiz qrafikə uyğun çıxarılmasını istədiklərini, 17 faiz isə hətta 2014-cü ildən sonra da Əfqanıstanda qoşunların saxlanılmasının lehinə olduqlarını bildiriblər.
Maraqlıdır ki, ABŞ Senatı 32 illik diplomatik iş təcrübəsinə malik olan Riçard Norlandı ABŞ-ın Gürcüstanda səfiri vəzifəsinə təsdiq edib. O, bundan əvvəl Özbəkistanda səfir, Əfqanıstanda ABŞ səfirliyi missiyasının müavini vəzifəsində çalışıb, Məzari-Şərifdə ABŞ ordusunun bölmələri ilə mülki əhali arasında siyasi və iqtisadi təbliğat məsələləri ilə məşğul olub.
O, həmçinin Avropa Təhlükəsizlik, Sülh və Əməkdaşlıq Konfransı (1993) çərçivəsində Gürcüstanda müşahidəçi kimi fəaliyyət göstərib və bu missiya ilə 1995-ci ildə Çeçenistana səfər edib. Rus, fransız, norveç və latış dillərini bilir.
Hərbi, strateji və münaqişələrin nizamlanması üzrə mütəxəssisin Cənubi Qafqazda, Gürcüstanda diplomatik xidmətə təyinatı bir sıra mətləblərdən xəbər verir.
Bütün bunları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Gürcüstan rəhbərliyi nəyin bahasına olursa-olsun, NATO-ya can atır. Gürcüstan hərbi qüvvələrinin Əfqanıstanda koalisiyada məmnunluqla iştirakı isə Tbilisinin Şimali Atlantika Hərbi Alyansında tamhüquqlu üzvlüyə nail olması üçün qəbul edəcəyi ən əsas şərtdir.
Arzu Nağıyev
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35