Azərbaycan səhiyyəsinin çirkin üzü!
02:38 05-04-2012
CƏMİYYƏT
Azərbaycan səhiyyəsinin çirkin üzü!
Həkimlərlə firmaların gizli iş birliyindən əziyyət çəkən kimlərdir?
Bir zamanlar həkimə müraciət edəndə nə az, nə çox cəmi 3 ya 4 dərman adını kağıza cızma-qara edib verirdilər ki, gedin bu dərmanları alın və filan müddətə qəbul edin. İllər keçdi elm və texnologiya inkişaf etdiyi kimi bu sahə də xeyli inkişaf edib.
Amma deyəsən, bu inkişaf bir qədər mənfiyə doğru istiqamət alıb. Belə ki, indi xəstə həkimin yanına gedəndə əlində bir kağız deyil iki və daha artıq reseptlə çıxır. Bu reseptə baxanda isə burada ən azı 10-15 dərmanın adını görmək mümkündür. Dərmanların əksəriyyətində tərkib eynidir. Hətta bu zaman həkim xəstəyə bu dərmanları hardan tapa biləcəyini də istiqamət verir: "Get filan aptekə və de ki, səni filan həkim göndərib. O isə sənə ən yaxşı dərmanları verəcək".
Təbii ki, son illər bu kimi hadisələrlə çoxlarımız qarşılaşmışıq. Kimisi bunun mahiyyətinin əslində nə demək olduğunu bilib, ziyanın yarısından qayıdıb, kimisidə savadsızlığının qurbanı olaraq həm pulu, həm də canı gedib. Elə pulu gedənlərdən biri də Səməd adlı xəstədir. Deyir neçə ildir xəstəliyimlə bağlı müalicə olunuram: "Hər dəfə həkimdən çıxanda mənə elə dərmanlar yazır ki, aptekdə qiymətini yoxladanda gözüm çıxır kəlləmə. Aldığım təqaüd cəmi 3 dərmanımın pulu edir. Çünki dərmanların birinə ən azı 20- 30 manat verməli oluram".
Yaranmış vəziyyəti bir qədər də dərindən öyrənmək üçün yolumuzu paytaxtda yerləşən apteklərdən saldıq. Dərman siyahısı əlində gözləyən alıcılardanda fərqli bir söz eşitmədik. Hər kəs dərmanların qiymətindən şikayətləndi. Dərman alıcısı Sevda Əhmədova deyir ki, bu gün müraciət etdiyi həkim ona elə dərman adları yazıb ki, onu yalnız şəhərin bir aptekində tapmaq mümkündür. Baxmayaraq ki, digər apteklərdə həmin dərmanın əvəzləyiciləri mövcuddur.
Əczaçılar da yaranmış vəziyyətin qismən doğru olduğunu bildirdilər. Çünki hər gün qarşılaşdıqları onlarla reseptin içində bahalı firma dərmanlarının üstünlük təşkil etdiyi danılmazdır. 5 ildir aptekdə çalışan Aytən Mahmudova deyir ki, bəzən xəstələrin bu dərmanları almağa maddi çətinlikləri yaranan zaman bu tip dərmanların alternativ daha ucuz variantlarının alıcılara təklif edirlər. Bu zaman kimisi razılaşır, kimisi də ucuz dərmanın keyfiyyətinin də aşağı olmasından şübhələnirlər.
Səhiyyə Nazirliyində də bu tip halların mövcudluğundan xəbərdardılar. Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyov deyir ki, həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir. Bu tip halların qarşısının alınması istiqamətində nazirlik ciddi addımlar atır. Belə ki, ötən illərlə müqayisədə nazirlik tərəfindən bu tip hallar daha çox aşkar edilib. Hətta bir sıra ciddi qadağalarda həyata keçirilib: "Artıq bir müddətdir ki, Səhiyyə Nazirliyinin göstərişi ilə istənilən bir firmanın nümayəndəsinin iş saatlarında səhiyyə ocaqlarına girişi qadağan edilib. Bundan əlavə səhiyyə nazirinin xüsusi əmri ilə dərman vasitələrinin buraxılması qaydaları təsdiq edilib ki, bu qaydalarda vahid resept blankı təsdiqlənib. Bütün həkimlər də vahid resept blankında dərman preparatlarını təyin etməli və apteklər də alıcını həmin reseptlərə uyğun dərmanlarla təmin etməlidir. Əgər hər hansı bir həkim vəzifəsindən sui istifadə edərək xəstəyə lazım olandan artıq dərman yazarsa, həmin xəstələr mütləq nazirliyin qaynar xəttinə müraciət etməklə hüquqlarını tələb edə bilərlər. Bu zaman həmin həkimlər nazirlik tərəfindən ciddi cəzalandırılacaq"-deyə nazirlik rəsmisi bildirdi.
Sonda dahi Hippokratın sözləri yada düşür: "Nə vaxt ki, xəstənin həkimə güvəni bitdi, o gün tibbin özü də bitəcək". Hər halda ümüd edək ki, bir sıra həkimlərlə firmalar arasında gizli iş birliyi yaxın gələcəkdə aradan qaldırılacaq. Yoxsa tibbində bitdiyi gün yaxın ola bilər.
İlahə Vəliyeva
Digər Xəbərlər
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00