Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya sülh istəmir, Avropanı qorxutmaq üçün yeni yollar axtarır.
"Unikal" xəbər verir ki, prezident bunu Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Bu gün biz sülhü bərpa etmək üçün müxtəlif tərəflərin diplomatik səyləri mövzusuna toxunduq. Hamı görür ki, bütün bu səylərə yeganə maneə Rusiyanın real danışıqlara və sülhün bərpasına yönəlmiş real hərəkətlərə hazır olmamasıdır. Biz burada, Mariinski sarayında olduğumuz anlarda rus qoşunları Donbassda amansız hücumlarını davam etdirir, Xarkov vilayətindəki qruplaşmalarını gücləndirir, Ukraynanın cənubundakı dayaq nöqtələrini möhkəmləndirir”, - o vurğulayıb.
Zelenski bildirib ki, təcavüzkar dövlət sülhün alternativinin olmadığını anlamalı və sülh axtarmağa başlamalıdır.
“Bu arada biz hamımız görürük və bu gün hava hücumu siqnalının səsi eşidilir. Rusiya Avropanı qorxutmaq və daha çox torpaqlarımızı ələ keçirmək üçün yeni yollar axtarır”, - dövlət başçısı bildirib.
Ramil Zeynallı