“Öyrəndim ki, Vəzirabadla Qucrat arasında haradasa məni öldürmək planı olub”.

"Unikal" xəbər verir ki, bunu Pakistanın keçmiş baş naziri İmran Xan ona qarşı sui-qəsd cəhdindən sonra açıqlama verərkən deyib.

Səhhəti yaxşı olan Xan hücumdan sonra kameralar qarşısında çıxış edib. Xan sui-qəsd planını əvvəlcədən bildiyini söyləyərək, "Mən artıq Vəzirabad və Qucrat arasında bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab qubernatoru Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan istifadə etdilər. Camaatı mənə qarşı təhrik etmək üçün məni küfrdə ittiham etdilər”-deyə eks baş nazir bildirib.

Hazırkı hökuməti günahlandıran Xan, "Hökumət etimadsızlıq hərəkatını heç vaxt itirməzdi, lakin koalisiya liderləri müvəffəqiyyət üçün puldan istifadə etdi. Məni xaricdə milyardlarla sərvəti olan və Londonun ən bahalı mənzillərində yaşayan Şerif ailəsi ilə müqayisə etmək olmaz.”.

Xan öz tərəfdarlarını Şahbaz Şərif və Rana Sanaullaha qarşı etirazları davam etdirməyə çağıraraq, sağlamlığına qovuşduqdan sonra İslamabada doğru uzun yürüşünü davam etdirəcəyini deyib.

Xatırladaq ki, Pakistanın keçmiş baş naziri Xan öz tərəfdarları ilə növbədənkənar seçkilər üçün karvan təşkil edərək oktyabrın 28-də paytaxt İslabamada yola düşüb. Ötən gün Pəncab əyalətinin Vəzirabad şəhəri yaxınlığında naməlum şəxs konvoya atəş açıb və Xan ayağından yaralanıb. Ən azı bir nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının da olduğu hadisədə hücumçu törətdiyi cinayəti etiraf edərək, “Mən yalnız İmran Xanı öldürmək istədim, başqasını yox” deyib.

Gültəkin Ələsgər