İranda yüksək səviyyəli sünni din xadimi "xalqın istəyi əsasında siyasəti dəyişdirmək" üçün beynəlxalq müşahidəçilərin iştirakı ilə dərhal referendum keçirilməsinə çağırıb.

"Unikal" xəbər verir ki, Molavi Əbdülhəmid İsmailza noyabrın 4-də İranın cənub-şərqindəki Zahedan şəhərində cümə namazı xütbəsində Qum seminariyasından və ölkə rəhbərliyindən son 50 gündür etiraz edən insanların səsinə qulaq asmağı xahiş edib.

Ölkədə Molavi Əbdülhəmid kimi tanınan din xadimi bundan əvvəl də ölkə hökumətini etirazçıların tələblərinə cavab verməyə çağırıb.

İran hökuməti onun referendum çağırışına heç bir şərh verməyib.

İranın sünni müsəlman əhalisinin ruhani lideri hesab edilən din xadimi İrandakı əsas sünni seminariyasının direktorudur. O, İran hökumətinin kəskin tənqidçisidir və İslam Respublikası əleyhinə fikirlərinə görə təzyiqlərə məruz qalıb.

Bu ayın əvvəlində cümə namazı xütbəsində o, sentyabrın 30-da Zahedanda törədilən qətllərə görə ali dini rəhbər Ayətulla Əli Xameneyi də daxil olmaqla, yüksək vəzifəli məmurların "məsuliyyət daşıdığını" deyib.

Eyni zamanda Sistan və Bəlucistan vilayətlərinin müxtəlif şəhərlərində insanlar Zahedanda sentyabrın 30-da baş verən qətliamından sonra ardıcıl beşinci həftədir küçələrə çıxıb. Noyabrın 4-də sosial şəbəkələrdə yayımlanan videolarda Zahedan yaxınlığındakı Xaş şəhərində təhlükəsizlik qüvvələrinin etirazçılara birbaşa atəş açdığını görmək olub.

Məlumatlarda həmçinin Sistan və Bəlucistan vilayətlərinin bəzi digər şəhərlərində, eləcə də Saravan, Zahedan və İranşəhrdə də toqquşmalar olduğu, etirazçılara qarşı atəş açıldığı bildirilib. Sosial şəbəkələrdə yayılan yazıları və İranda etiraz aksiyaları zamanı zorakılıq xəbərlərini müstəqil şəkildə yoxlamaq mümkün olmayıb. Noyabrın 3-də İranın qərbində yerləşən Kürdüstan vilayətinin şəhərlərində, Tehran, Təbriz, Şiraz, Rəşt və bir çox başqa şəhərlərdə aksiyalar keçirilib.