"Dövlət başçısının qətiyyəti nəticəsində reallaşan Zəngəzur dəhlizi ölkəmizin və regionun, ən əsası isə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması da Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır. Muxtar respublikada fəaliyyət göstərən qanunverici və icraedici orqanlar öz fəaliyyətini ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq quracaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər".
A.Zeynalov qeyd edib ki, ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Onun sözlərinə görə, “Heydər Əliyev İli”nin qeyd olunması ilə bağlı muxtar respublikada müvafiq tədbirlər həyata keçiriləcəkdir:
"Dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə bundan sonra da sadiq qalınacaq, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişafı təmin olunacaqdır. 2022-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanlara təşəkkür edir, şəhidlərimizin əziz xatirəsini yad edirik".