Ermənistanın sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatət təmin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin edib.
Sabiq nazir hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.
Sarkisyan özü isə bu qərarı siyasi təqibin əlaməti adlandırıb və mənzillərin adlarının dərc olunması ilə bağlı çağırış edib.
"Mənzil alan hərbçilər onların xidmət siyahısına uyğun seçiliblər", - Sarkisyan bildirib.
Xatırladaq ki, Ermənistan Baş prokurorluğu tərəfindən sabiq müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb və ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bu səbəbdən də sabiq nazirin həbs olunması üçün məhkəməyə müraciət olunub.