Müxalifətin lideri kimdir?
13:27 14-03-2013
DÜNYA
Sərdar Cəlaloğlu: “İctimai Palatadakı partiyaların liderliyi haqqında danışmaq düzgün deyil”
Sülhəddin Əkbər: “Ortalıqda olan qüvvəni yetərsiz hesab edirəm”
Ərəstun Oruclu: “Mən müxalifətin indiki durumunda optimist ola bilmirəm”
Dəfələrlə qeyd etdiyimiz kimi, ölkədə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, müxalifət partiyaları arasındakı dartışmalar da daha geniş miqyaslara keçir. Bu dartışmalar ən müxtəlif mövzuları əhatə edir.
Beləliklə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palata rəhbərlərinin qurumu demokratik hərəkatın lideri kimi təqdim etmə cəhdlərini tənqid edərkən deyib: “Azərbaycanda normal, seçkilər keçirilmədiyindən hansısa bir partiya qabağa çıxaraq ana müxalifət partiyası kimi çıxış eləyə bilməz. İctimai Palatadakı partiyaların liderliyi haqqında danışmaq düzgün deyil.
Onların dediklərinə görə, İctimai Palatada 10-15 partiyanın nümayəndəsi, 100-ə yaxın qeyri-hökumət təşkilatı və bizdə varıq. Belə ki, daha çox qüvvə oraya toplaşıb. Məsələn biz Qarabağ blokunda iki, məşvərət məclisində isə yeddi-səkkiz partiyayıq. Bu baxımdan İctimai Palata hələlik mövcud olan qurumlar içərisində yalnız say baxımından ən böyük olanıdır”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin “Unikal”a bildirdiyinə görə, “Ümumən götürdükdə potensial var və bu potensialı müsbət qiymətləndirirəm. Azərbaycanın daxilində və Azərbaycanın ətrafında cərəyan edən proseslər bu potensialı gerçəkləşdirməyə imkan verə bilər. Amma yenə də təkrar edirəm, bu gizli, yəni potensial formadadır və bunu gerçəkliyə çevirmək üçün möhkəm və ciddi şəkildə işləmək lazımdır. Ortalıqda olan qüvvəni isə yetərsiz hesab edirəm. Bunu açıq demək lazımdır. İndiki halda Azərbaycan müxalifəti ağır vəziyyətdədir, onun resursları pərakəndə durumdadır. Azərbaycan cəmiyyətinin narazılıqlarını təşkil olunmuş formada ifadə etmək və ortalığa siyasi iradə qoymaq imkanında deyil. Əgər yaxın aylarda Azərbaycan müxalifəti öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməsə, Azərbaycanın daxilində müşahidə etdiyimiz inkişaf fərqli istiqamətdə gedə bilər. Ya indiki hakimiyyət öz mövqelərini daha da möhkəmləndirəcək, ya da bu baş verməsə, maraqlı xarici dairələrin təsiri ilə ölkədə xoşagəlməz gərginliklər yaşana bilər”.
Partiya sədri hesab edir ki, “İndiki həlledici mərhələdə müxalifətdaxili problemləri daha da qızışdırmaq üçün müəyyən mövzular gündəmə çıxardıla bilər və hesab edirəm ki, ümumi maraqlar naminə çalışmalıyıq ki, bu cür mövzuların müzakirəsindən yan keçək”.
Tanınmış politoloq Ərəstun Oruclu “Unikal”a bildirdi: “Mən müxalifətin indiki durumunda optimist ola bilmirəm. Çünki bu müxalif birliklərin hamısında eyni mahiyyət kəsb edən fəaliyyət görürük və bunun da bir xeyli səbəbləri var. Amma bu başdan qeyd etməliyəm ki, bu səbəblərin əksəriyyəti obyektiv səbəblərdir. Bununla yanaşı subyektiv səbəblər də mövcuddur. Obyektiv səbəblərdən ön planda olanı cəmiyyətdə demokratik ictimai-siyasi münasibətlər sisteminin olmamasıdır. Bunun Azərbaycanda müəyyən elementləri olubdur, amma artıq bu elementlər də sıradan çıxarılıb. Politoloji nöqteyi-nəzərdən, cəmiyyətdəki ictimai-siyasi münasibətlər bir orqanizmi xatırladır və orqanizm olmayan yerdə onun ayrıca götürülmüş əli, qulağı və ya ürəyi ola bilməz. Və bu böhran təkcə müxalifət partiyalarına aid deyil. Elə iqtidar partiyasının, yəni YAP-ın özü də siyasi böhran içindədir. Bilirik ki, parlamentdəkilərin çoxu, nazirlərin demək olar ki, hamısı iqtidar partiyasının üzvləridir. Amma həmin iqtidar partiyasının aparıcı üzvlərinə sual versək ki, “Ölkənin yaxın beş ildə inkişaf strategiyası nədən ibarətdir?”, boş-boş sözlər danışacaqlar. Mahiyyəti olmayan və təxminən, bu kimi sözlər və s. və i.a. Bu isə strategiya deyil, bu, məzmunu olmayan ritual xarakterli hansısa ifadələrdir. Mən hesab edirəm ki, bizdəki bütün siyasi qurumlar böhran içindədir. Siz dediyiniz müxalifət birlikləri olsun və yaxud iqtidar partiyası, fərq etməz, İctimai Palata da daxil olmaqla hamısı ciddi bir böhran yaşamaqdadır. Dediyim kimi, bu böhran iqtidar partiyasından da yan keçməyib, çünki hamısı eyni sistemin daxilindədir. Sistem yoxdursa, onun elementləri də yoxdur”.
Digər Xəbərlər
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11