Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında danışıqlar başa çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İki ölkə liderinin Kremldəki görüşü 4,5 saat davam edib. Bu gün Putin və Cinpin arasında qeyri-rəsmi təkbətək danışıqlar aparılıb, daha sonra siyasətçilərin şam yeməyində görüşü planlaşdırılır.

***21:47

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında danışıqlar təxminən 4 saat əvvəl başlasa da, hələlik yekunlaşmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

O, siyasətçilər arasında danışıqların nə qədər davam edəcəyini dəqiqləşdirməyib.

Jurnalistlərlə söhbət zamanı ÇXR lideri rusiyalı həmkarı ilə beynəlxalq mövzuları və strateji əməkdaşlığın inkişafı planını müzakirə etməyi planlaşdırdığını bildirib. Peskovun sözlərinə görə, görüşdə digər məsələlərlə yanaşı, liderlər Ukraynadakı vəziyyət və Çinin sülh yolu ilə nizamlanma planı barədə danışacaqlar.

Çin prezidentinin Rusiyaya səfəri martın 20-dən 22-dək davam edəcək. 

Ağarza Elçinoğlu

***18:02

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qeyri-rəsmi görüş başlayıb.

Bu barədə "Unikal" Rusiya mətbuatına istinadən xəbər verir.

Liderlər arasında danışıqlar Kremldə təkbətək formatda keçirilir.

*** 13:18

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

"Unikal" xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

S.Cinpin və V.Putin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.