Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Unikal"a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

11:28

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

11:09

16 avqust saat 08:30 radələrində ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən "Unikal"a verilən məlumata görə, maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

Məlumata görə, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.