Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin məhkəmə prosesinin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs pulları əsasən pandemiya və 44 günlük müharibə vaxtı aldığını etiraf edib:

"Həmin vaxt bir gündə Yeni Suraxanı kəndinə 3 şəhidin nəşi gəldi, bütün hüzr xərclərini çəkdim. Həmçinin vətəndaşlardan aldığım pullarla kənddə olan şəhidlər xiyabanını təmir etdirmişəm. Həmin pullardan özümə bir qara qəpik də xərcləməmişəm. Saxta sənədləri hazırlamağımı təsdiq edirəm, öz otağımda kompüterdə düzəltmişəm, ancaq rüşvət almağım faktını qəbul etmirəm. Mənim torpaq satmaq səlahiyyətim olmayıb. 2007-ci ildən məhz Bakı şəhərində bələdiyyə torpaq sata bilməz. 

Hakim Novruz Kərimov bələdiyyənin topraq sata bilməmək məsələsinə aydınlıq gətirdi: "Bələdiyyələr torpaqları düzgün planlı şəkildə satmadığı üçün Bakı şəhərinin baş planı pozulmuşdu".

Məhkəmə iclası 11 sentyabr ayına kimi təxirə salındı. 

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Əli