Birinci Qarabağ müharibəsində torpaqlarımızı itirməklə bərabər, Vətənimiz minlərlə şəhid verdi. Azərbaycan oğulları düşmənə qarşı mərdliklə, şücaətlə döyüşdü. Ölkəmizin hər kəndinə, şəhərinə şəhid xəbərləri gəldi. Dəfn edilən şəhidlərlə yanaşı, məzarları üzərinə naməlum şəhid yazılanlar da oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəmi 44 günə illərlə köz bağlayan dərdlərə, acılara son qoyuldu. Ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, itkin düşmüş insanların naməlum taleyinə də işıq salındı.

"Unikal" xəbər verir ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlər - hərbçi Hüseynov Cavanşır Ərşad oğlu və mülki Şirinov Tahir Şirin oğlu Azərbaycanın Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayətilə son mənzilə yola salınıb.

Şəhidlərin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Masazırdakı evlərinə gətirilərək ailə üzvlərinə təhvil verilib. Elə orada da vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, bütün şəhidlərin ruhuna dualar oxunub. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Qəhrəman şəhidlərin nəşi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Hər iki şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.