27 dekabr Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayında şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,  Şura üzvləri, şəhid ailələri, qazilər iştirak edib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin, 25 dekabr tarixində təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Daha sonra Ümummili Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş olunub. 

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2025-ci il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açdı. 2024-cü ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan olduğunu bildirdi. Qeyd etdi ki, 7 fevral tarixində xalqımız böyük etimad göstərərək cənab İlham Əliyevi Prezident seçmişdir. Cənab Prezidentin Sərəncamı ilə 2024-cü il Yaşıl dünya naminə həmrəylik ili kimi tarixə düşmüşdür. Belə ki, ölkəmizin bütün ərazisində ekoloji mühit qorunmuş, yaşıllıqların sayı artmış, minlərlə ağac əkilmişdir. Bu da vətəndaşlarımızın sağlamlığına xidmət etmişdir. Noyabr ayında isə COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməyimiz respublikamızın və xalqımızın dünyada siyasi çəkisini daha da artırmışdır. 2025-ci ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söyləyib. 

Tədbir yeni il şənliyi ilə davam edib. Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb olublar. Şənlik mahnı və rəqslərlə davam etdirilib.  Sonda uşaqlara yeni il hədiyyələri təqdim olunub.  

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.