Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Ramin Qasımov küçəsi 30” (Xəzər Tibb Mərkəzi) ünvanı ərazi partiya təşkilatı yaradılıb.

"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, 730 mindən  artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Qeyd edib ki, xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Partiyadakı bu  kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaq.

Daha sonra çıxış edən Xəzər Tibb Mərkəzinin direktoru Tərlan Bəbirov və digərləri zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək qazandığı möhtəşəm nailiyyətlərdən bəhs ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. Gəray Abbasov ərazi partiya təşkilatının sədri, Ramilə  İsrafilova isə sədr müavini seçiliblər.