Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

"Unikal" xəbər verir ki, qonağı salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Tərəflər Azərbaycan ilə Misir arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, Misirdən olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ("Caspian Agro") iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.