Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrə təhvil veriləcək.
"Unikal" Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında məlum aviasiya qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşi hal-hazırda vətənə gətirildi. Buradan vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb. Şərifzadə küçəsində patoloji anatomiya bürosu, Sabunçu rayon şöbəsi bə Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslər müayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonra ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun istintaq idarəsinə təhvil veriləcək. Sonra cənazələr dəfn ediləcəkləri ünvanlara aparıb çatdıracaq. Cənazələr bu gün ailələrə təhvil veriləcək", - o bildirib.