"Dekabrın 25-də Rusiyanın hava məkanında təyyarəmizin vurulması nəticəsində həyatını itirənlər bu gün vətənə gətirilib torpağa tapşırılırlar. Baş verən olay, bizim üçün təkcə faciə yox, ətrafımızda nələrin cərəyan etdiyini, böyük adlandırılan dövlətlərin özlərini necə apardıqlarını nəzərə alsaq, həm də bir sınaq idi. Bütün dünya görür ki, biz dövlət və millət olaraq bu sınaqdan da şərəflə çıxmaqdayıq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib. O bildirib ki, Prezident İlham Əliyevin bu haqda xəbər alan kimi Sankt-Peterburqa səfərini dayandırıb geri dönməsi, araşdırma aparmaq üçün təcili olaraq dövlət komissiyası yaradılması, qəza enişi edilən Aktauya iki nazir və mütəxəsislərin yer aldığı heyətin göndərilməsi, tam dəqiqləşdirilmədən hər hansı rəsmi açıqlamanın verilməməsi, kimlərinsə iz azdırmaq cəhdləri kimi bəlli çevrələrin bu olaydan Azərbaycan-Rusiya əlaqələrini korlamağa çalışmalarının da qarşısının alınması Azərbaycan dövlətinin nə dərəcədə dəqiq, soyuqqanlı və məsuliyyətli davrandığını ortaya qoydu:
"Qeryi-adekvatlığıyla diqqət çəkən bəzilərinin yardım təklifini rədd edən, təyyarənin vurulması faktınının təsdiqlənməsini və buna da uyğun addımlar atılmasını istəyən dövlətimizin özünü böyük sayanlardan nə qədər ucada durması da, uçuş heyətinin yüksək peşəkarlığı və gözyaşardıcı fədakarlığı da daim yaddaşlarda qalacaq. Kaş ki, təyyarəmizi səhv salıb vuranlar da az da olsa, vurduqları təyyarədəki uçuş heyətinin üzvlərinə bənzəyərdilər".
Anar Kəlbiyev