Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2025-cü il “UNEC İnklüziv Təhsil İli” elan edilib.
"Unikal" xəbər verir ki, UNEC İnklüziv Təhsil Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə elan ildə inklüziv təhsilin inkişafına, əlilliyi olan şəxslərin təhsil prosesinə və sosial həyata inteqrasiyasını daha da gücləndirməyə yönəlmiş müxtəlif tədbirlər və layihələr həyata keçiriləcək.
Təsdiqlənmiş tədbirlər planı çərçivəsində inklüziv ali təhsil mövzusunda kitab təqdimatları, əlilliyi olan insanların əl işlərinin sərgisi, müasir inklüziv təhsil metodları üzrə təlimlər və TEDx Inclusive forumunun keçirilməsi nəzərdə tutulub.
Həmçinin UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı tərəfindən bu istiqamətdə təhsilin təbliği ilə bağlı müxtəlif layihələr həyata keçiriləcəkdir.
İl ərzində müxtəlif ali təhsil müəssisələri ilə birgə “İnklüziv Təhsil” mövzusunda seminarlar və konfranslar, təlimlər, vorkşoplar təşkil ediləcək, həmçinin əlilliyi olan şəxslərin təhsil imkanlarının daha da yaxşılaşdırılması və onların sosial inteqrasiyasına dair müzakirələr aparılacaq.
Bununla yanaşı, inklüziv təhsillə bağlı maarifləndirici elektron bukletlər, videoçarxlar, bir-birindən maraqlı layihə və xəbərlər geniş auditoriyaya çatdırılacaq.
Tədbirlər çərçivəsində, UNEC-də təhsil alan və məzun olmuş əlilliyi olan şəxslərin uğurlu təcrübələri ilə bağlı görüşlər, işlə təmin olunma imkanları və sosial mühitdə fəal iştiraklarına dair təqdimatlar keçiriləcək.