Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təyyarə qəzası zamanı həlak olan bələdçi Hökümə Əliyevanın yas mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, mərasimə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq mühafizə orqanlarının rəhbərləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da qatılıblar.

Rəsmilər Hökümə Əliyevanın yaşadığı evinin önünə əklil qoyaraq, xatirəsinə ehtiramlarını ifadə ediblər.

Niyazi Bayramov Hökümə Əliyevanın ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlı verib, Milli Qəhrəmanımıza Allahdan rəhmət diləyib.

Hökümə Əliyevanın ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviçə (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ekipajın sağ qalan üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Hökumə Əliyeva və digər həlak olan ekipaj üzvləri ötən gün II Fəxri xiyabanda dəfn edilib.