"Görünür ki, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Rusiya tərəfindən vurulan təyyarəmizlə bağlı təhqiqat aparan Qazaxıstanın hökumət komissiyası "Qara qutu"nun oxunması üçün Braziliyaya göndərilməsinə qərar verib.

"Braziliya həmin təyyarəni istehsal edən ölkədir. Araşdırmanı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Təhqiqatı üzrə Beynəlxalq Mərkəz aparacaq. Açıqlanan məlumatlarda bu qərarın beynəlxalq konvensiyalara uyğun olduğu, Azərbaycan və Rusiya tərəfləri ilə razılaşdırıldığı qeyd edilib. Qazaxıstanın bu mövqeyi maraqlı və düşündürücüdür. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər. Doğurdanmı Qazaxıstan  Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib? Amma bu qərarın həm də Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışıqlarından sonra baş tutması diqqət cəlb edəndir.

Bəlkə də təyyarəni istehsal edən ölkənin özünə hörmət edərək obyektiv mövqe tutacağı baxımından, beynəlxalq qurumların müşahidəsi altında aparılması baxımından bu qərar daha doğrudur ? Görünən odur ki, arxa planda, Qazaxıstan, Rusiya və Azərbaycan arasında amansız diplomatik və siyasi mübarizə gedir. Ümid edirəm, Rusiya Braziliyanın qərarına təsir edə bilməyəcək".