31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar "Bakı metropoliteni" QSC-nin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib. Bildirilib ki, 2025-ci il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək “28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.

Yanvarın 2-dən 5-dək “28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.

“Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər.

Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.

"Bayram günlərinin xoş ovqatda keçməsi üçün neqativ hallara yol verilməməsi vacibdir. “Bakı Metropoliteni” sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir", - deyə məlumatda qeyd olunub.