Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin növbəti baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Xanım Məmmədovaya hüquqları izah olunub. Sonra hakim təqsirləndirilən şəxsə sərbəst ifadə verməyi təklif edib. Ancaq Təbriz Qasımov ifadə verməkdən imtina edib.
Şahid qismində Bəhmən Qasımovun anket məlumatları dəqiqləşdirilib, o ifadə verməkdən imtina edib. Sonra hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Məlum olub ki, qətlə yetirilən Təhminə Qasımova 2 dəfə ərə gedib və həmin evliliklərdən 2 övladı olub. Ancaq onu tapıb gətirdik bizimlə birgə yaşasın. Bacım mağazada işə düzəldi və hər axşam saat 11-də işdən çıxıb evə gəlirdi, hiss edirdik ki, yüngül həyat tərzi keçirir. Hadisə olan gündə Təhminə işdən çıxıb müdirinin avtomobili ilə evə gəlib. Yəni mən orda ola-ola mənimlə evə getmək istəmədi. Evə gəlib qardaşım Təbrizə dedim ki, Təhminə mənim sözümə qulaq asmır. Təbriz Təhlükənin yatdığı otağa daxil olaraq bacımı boğaraq öldürüb. Sonra Təbriz könüllü olaraq yaxınlıqda olan polis bölməsinə getdi. Bildirim ki, Təbriz Təhminəni yüngül həyat tərzi keçirtdiyi üçün öldürüb. Dəfələrlə xəbərdarlıq eləmişdi, hətta ondan imtina da etmişdir.
Məhkəmə prosesi fevral ayının 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.
Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.
İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib.
Seymur Əli